Yaşı qədər mükafatı olan gənc ifaçımız

 

Yasin Həsənov: “Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın davamçısı olmaq istəyirəm”

Bu gün uşaqların beynəlxalq müdafiəsi günüdür. Bu münasibətlə uşaqları təbrik edib, daim saf, təmiz qalmalarını diləyirik. Bu günkü müsahibimiz 13 yaşlı ifaçımız Yasin Həsənovdur. Azyaşlı ifaçımız beynəlxalq festivallarda iştirak edib və müsabiqələrdən heç zaman əliboş qayıtmayıb. Belə ki, qatıldığı 11 müsabiqədən “Qrand-pri” mükafatı ilə geri dönüb. Yasin bizimlə söhbətində qazandığı bütün uğurlarına görə anası Rəna xanıma və müəllimlərinə minnətdar olduğunu söylədi.

- Özün haqqında oxucularımızı necə məlumatlandırarsan?

- 2000-ci ildə Bakıda dünyaya gəlmişəm. 2006-cı ildə Heydər Əliyev adına liseyə daxil olmuşam. Hazırda həmin liseydə oxuyuram. Dərsdən əlavə, musiqi məktəbinin vokal sinfində oxuyuram. Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin vokal şöbəsinə 2007-ci ildə qəbul olmuşam. Samir Cəfərov və İlahə Əfəndiyevanın tələbəsiyəm. Bundan əlavə, “Bəri bax” qrupunun solistiyəm. Müəllimim isə xalq artisti Rauf Babayevdir.

- Beynəlxalq müsabiqələrdə səhnəyə çıxarkən nələr hiss edirsən?          

- Sevinirəm, ona görə ki, səhnəyə hər çıxışımda məni möhtəşəm səsə malik olan azyaşlı müğənni kimi təqdim edirlər. Bu uğurumu başda müəllimlərim, xalq artisti Rauf Babayev olmaqla, əməkdar artist Samir Cəfərovla bölüşürəm. Hər zaman mənə dəstək olan anamın zəhmətini daim qiymətləndirmək üçün çalışacağım. Mahnımı ifa etdikdən sonra alqış sədalarını eşitdikdə, özümü xoşbəxt hiss edirəm.

- İlk dəfə hansı müsabiqədə iştirak etmisən?

- İlk müsabiqəm yaddaşımdan heç zaman silinməyəcək. Belə ki, 2011-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XII “Prazdnik detstva” beynəlxalq uşaq müsabiqəsində iştirak etdim. Bu müsabiqəyə 27 ölkədən 700 iştirakçı qatılmışdı və həmin müsabiqədə “Qran Pri” mükafatına layiq görüldüm. Həmin an sevincimin həddi-hüdudu yox idi. Bu mükafat mənə uğur gətirdi, artıq 13-cü dəfədir ki, beynəlxalq müsabiqədə iştirak edirəm. Getdiyim festivallardan uğurlu nəticə ilə qayıdıram.

- Musiqiyə həvəsin nə zamandan yaranıb?

- Musiqiyə marağım özümü dərk etdiyim andan formalaşıb. Musiqini sevirəm. Musiqi məktəbinə gedəndə 6 yaşım var idi. İlk müəllimim Samir Cəfərov oldu. Müəllimlərimin də ifamın düzgün təqdim olunmasında böyük rolu olub.

- Müsabiqə sənin üçün nə deməkdir?

- Müsabiqə mənim üçün bir məktəb deməkdir. Çünki mən bütün müsabiqələrdən nəsə öyrənirəm. Hər müsabiqədə iştirak edərkən özümə yeni dostlar tapıram. İştirak etdiyim müsabiqələrdə konservatoriya ilə məşğul olan mütəxəssislərlə tanış oluram. Bu mənim üçün çox önəmlidir.

- Şou-biznes sənə maraqlı gəlirmi?

- Xeyr. Şou-biznesdə olmaq istəmirəm. Əsas istəyim Azərbaycanı qürurla, fəxrlə vətəndən kənarda nümayiş etdirməkdir. Müslüm Maqomayev yolunun davamçısı olmaq istəyirəm. Ümid edirəm ki, nə zamansa öz arzularıma çataram.

- Gələcəyə dair planların nədir?

- Həyatda ən böyük arzum şəxsiyyət kimi tarixin yaddaşında qalmaqdır. Azərbaycan xalqına yüksək səviyyədə xidmət etmək, parlaq qələbələrə nail olmaq istəyirəm. Bunun üçün daim irəliyə can atmaq və hər günün sonunda “Mən dövlətim üçün nə etdim?” sualına cavab tapacaq işlər görmək əzmindəyəm. Ötən hər günü, açılan hər sabahı bundan da qat-qat artığını təmin etmək məqsədilə yaşayır, yorulmadan nəsə etmək, fərqli işlərlə yadda qalmaq istəyirəm. Mən gələcəkdə Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın davamçısı olmaq istəyirəm və çalışacam ki, istəklərimə nail olum.

- Yaşıdların səni tanıyırmı?

- Bəli, tanıyırlar.

- Xaricdə təhsil almaq üçün sənə təkliflər gəlibmi?

- Bəli. Sonuncu dəfə getdiyim festivalda, yəni İtaliyada keçirilən Beynəlxalq SanRemo Cunior müsabiqəsində iştirak edən zaman oradakı konseravatoriyada mənimlə müqavilə bağlamaq istədilər. Gedib orada təhsilimi davam etdirmək üçün. Amma hələ ki bu təklifləri valideynlərimlə düşünürük, bir qərar verməmişik.

Yasinin anası Rəna xanım söhbətimizə qoşulur: Təhsillə bağlı çətinliyimiz olduğuna görə, edilən təkliflər barədə hələ düşünürük. Bir də bunun üçün maddi cəhətdən də çətinliyimiz var. Yasin burada da təhsil alır. Biz onun təhsilini yarımçıq qoyub, başqa bir ölkədə davam etdirməsi bir az çətin olar deyə düşünürük. Təkliflər çox gəlib, Moskvadan, Sankt-Peterburqdan, Ukraynadan... Ancaq işin maliyyə cəhəti də var ki, bu bir az qəliz məsələdir. Yasin getdiyimiz müsabiqələrdəki tanınmış insanlar və müəllimlər tərəfindən təhsilini davam etdirməsi üçün həmin ölkələrin konservatoriyalarında oxumaqla bağlı dəvətlər alır.

- Növbəti müsabiqə təklifi varmı?

- Bəli, beynəlxalq müsabiqələrdə iştirak etməyim üçün bir çox təkliflər gəlib, amma planımızda hələ ki müsabiqələrdə iştirak etməyi düşünmürəm. İstəyirəm ki, Azərbaycanı “Junior Eurovison” beynəlxalq uşaq musiqisi yarışmasında təmsil edim. Həmin yarışmada vətənə birincilik gətirsəm, özümü xoşbəxt hiss edərəm.

- İştirak etdiyin festivalları necə xatırlayırsan?

- İndiyənə kimi bir çox festivallarda iştirak etmişəm. Belə ki, Heydər Əliyev Sarayında canlı korifey Robertino Lorettinin konsertində canlı olaraq Loretti ilə duet şəklində “Camayka” mahnısını ifa etmişəm. Belarusun Mozır şəhərində VII “Zemlya pod belımi krılyami” Beynəlxalq vokal müsabiqəsində 25 ölkədən 600 iştirakçı arasında “Qran Pri” mükafatına layiq görülmüşəm. 2011-ci ildə Rumıniyanın Onesti şəhərində keçirilən 16-cı Beynəlxalq “Tİ AMO” adlı pop müsabiqəsində iştirak etmişəm. 13 ölkədən 50-60 iştirakçı arasında “Qran Pri”yə, xüsusi diploma və III yerə layiq görülmüşəm. Onesti şəhərinin meri çıxışımı bəyənib, məni meriyaya xüsusi görüşə dəvət edib, xüsusi hədiyyə təqdim edib. Belarusun Klimov şəhərində “Zolataya pçolka” Beynəlxalq uşaq müsabiqəsində 17 ölkədən 1000 iştirakçı arasında xüsusi diploma və II yerə layiq görülmüşəm. Ümumiyyətlə, bir çox beynəlxalq festivallarda olmuşam ki, indi bəzilərinin adlarını xatırlamıram.

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-1-3 iyun.-S.8.